Müştəri Hüquqları

İstehlakçıların əsas hüquqları bunlardır:

- Təhlükəsizlik və keyfiyyət hüququ;

- Seçim hüququ;

- Məlumat almaq hüququ;

- Şikayət vermək hüququ.

Bu istehlakçı hüquqları konkret olaraq aşağıdakı təminatları verir:

• Məhsulun zəmanət müddəti və yararlılıq müddəti: Malların (işlərin, xidmətlərin) zəmanət müddəti, tez xarab olan və həyat-sağlamlıq üçün təhlükəli olan malların isə yararlılıq müddəti olmalıdır. Zəmanət müddəti malın (işin, xidmətin) pasportunda, nişanlama kağızında, yarlıqda, ya da əlavə olunan digər sənəddə, yararlılıq müddəti isə malın (işin, xidmətin) üzərində (qabında) və ya əlavə olunan sənəddə göstərilməlidir. Yararlılıq müddəti ötmüş malın satışı qadağandır.

• Qüsurlu mallara dair təminatlar: İstehlakçı zəmanət müddəti ərzində malda qüsur və ya saxtalaşdırma aşkar edərsə satıcıdan (istehsalçıdan) bunlardan birini tələb etmək hüququ və satıcının isə bu tələbi yerinə yetirmək öhdəliyi var (qüsur 14 gündə ya da tərəflərin razılaşdığı müddətdə aradan qaldırılmalı; bu müddətdən gecikdirilən hər gün üçün satıcı satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəməlidir; mal yaxud kassa qəbzi və ya malın əlavəsi olan sənəd saxlanılıbsa, onda mal dəyişdirilə bilər):

– Qüsurlu malı keyfiyyətli malla dəyişdirmək;

– Satış qiymətini uyğun məbləğdə azaltmaq;

– Qüsuru satıcının hesabına aradan qaldırmaq və ya qüsuru aradan qaldırmaq üçün çəkdiyi xərcləri tələb etmək;

– Malı uyğun modelli malla dəyəri yenidən hesablanmaqla əvəz etmək;

– Müqaviləni ləğv etmək və çəkdiyi zərərin ödənilməsini tələb etmək.

• Sənədləşdirmə təminatı: satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.

• İş görülməsi və xidmətlə göstərilməsi müqavilələrinin pozulmasına qarşı təminatlar: İcraçı vaxtında başlamırsa ya da çox ləngidirsə, istehlakçı müqavilədən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İcraçı müqavilədən əhəmiyyətli kənara çıxarsa ya da mühüm qüsurlar vurarsa, istehlakçı əlavə müddət verə bilər və əgər bu müddətdə də problem aradan qaldırılmazsa, onda müqaviləni ləğv edə və zərəri tələb edə bilər. İstehlakçının materiallarından görülmüş işlərdə (xidmətlərdə) əhəmiyyətli kənaraçıxma olarsa və ya mühüm qüsur ortaya çıxarsa, istehlakçı eynicinsli və keyfiyyətli materiallarını icraçıdan tələb edə və ya müqavilənin ləğvini və ziyanın ödənilməsini tələb edə bilər. Gecikdirilmiş hər gün üçün icraçı işin (xidmətin və ya sifariş dəyərinin) bir faizi məbləğində dəbbə pulu ödəyir.

• Nəzarət markası təminatı: Dərman vasitələrinin, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinin və digər müəlliflik hüququ mallarının, dini ədəbiyyatın nəzarət markası ilə markalanması tələb olunur. Satıcı istehlakçıya yalnız nəzarət markası olan malları sata bilər.

• Məcburi sertifikasiya təminatı: Qanunla və normativ sənədlərlə müəyyən edilmiş bir sıra mallar, işlər və xidmətlər məcburi sertifikasiyadan keçirilməli və ondan sonra istehlakçıya təqdim edilməlidir.

• Məlumat almaq təminatı: Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması, təhlükəsiz istifadə üsulları və qaydaları barədə istehlakçıya zəruri və düzgün məlumat verməlidir. İdxal mallar və məhsulların üzərindəki etiketlər (yarlıqlar), istifadə qaydaları başqa dillərlə yanaşı, Azərbaycan dilində olmalıdır. Malların (işlərin, xidmətlərin) qiymətləri yalnız manatla göstərilməlidir. Malın üzərində istehsal (ticarət) markası, əmtəə nişanı və ya coğrafi göstərici yaxud sahibkarlıq etiketi olmalıdır. Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı almasına səbəb olubsa, onun müqaviləni ləğv etmək və ziyanı tələb etmək hüququ var.

• Şikayət hüququ: İstehlakçılar hüquqlarının pozulması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (qaynar xətt: 012 498 15 01; 498 15 04) və ya məhkəməyə müraciət edə bilərlər.